“I Naxçıvan Gənclər Debat Forumu – 2023” layihəsinin mükafatlandırma mərasimi keçirilib

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin dəstəyi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin tərəfdaşlığı, Cahan Holdinqin sponsorluğu, Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “I Naxçıvan Gənclər Debat Forumu – 2023” layihəsinin finalı, bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədr vəzifəsini müvəqqəti icra edən Əli Abdullazadə çıxış ediblər. Açılış nitqindən sonra, rəsmilər və qonaqlar üçün forumun gedişatı ilə bağlı video-çarx təqdim olunub.

Forumda 6 Ali təhsil müəssisəsi və qurumun 26 komandası, 100-ə yaxın debatçı iştirak edib, 5 gün ərzində “Kütləvi informasiya vasitələrində senzuranın tətbiqi vacibdir” mövzusu ətrafında 40 saata yaxın debat aparılıb.

Tədbirin yekununda forum çərçivəsində qalib, finalçı, ən yaxşı natiqlər və ən yaxşı hakimlərə medal, kubok və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, forum 15-20 noyabr tarixlərində Naxçıvan Dövlət Universitetində həyata keçirilib. Debat Forumunun məqsədi gənclər arasında Heydər Əliyev irsinin təbliğ olunması, debat və natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsilə onların qərarvermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.